Copy
#11 - Fevral - 2019 - Newsletter                                                                                     View in a browser

Dövlət Turizm Agentliyinin
İnformasiya Bülleteni

Azərbaycan stendi Türkiyədə “Ən yaxşı təşkil olunmuş” stend elan edildi

31 yanvar - 3 fevral tarixlərində İstanbulda keçirilmiş “EMITT - 2019 Şərqi Aralıq dənizi Beynəlxalq Səyahət və Turizm Sərgisi”ndə ölkəmizin stendi “Ən yaxşı təşkil olunmuş stend” nominasiyası ilə təltif olunub.

Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə sərgidə iştirak edən ölkəmizin stendinə yerli türk turizm şirkətləri, digər ölkələrin turizm şirkətləri və ziyarətçilər tərəfindən böyük maraq göstərilmişdir. Türkiyə Cümhuriyyətinin Mədəniyyət və Turizm Naziri Mehmet Nuri Ersoy Azərbaycan stendində Azərbaycan Turizm Bürosunun nümayəndə heyəti ilə görüşmüşdür.

Qeyd edək ki, 2018-ci ilin noyabrında Londonda keçirilən “Dünya Səyahət Bazarı” (WTM 2018) sərgisindən başlayaraq. bütün beynəlxalq sərgilərdə Azərbaycan stendi yeni loqo və brend konsepsiyasına uyğun olaraq dizayn edilir.

Azərbaycan İsraildə keçirilən turizm sərgisində uğurla iştirak edib

12-13 fevral tarixlərində Tel-Əviv şəhərində təşkil olunan “Beynəlxalq Aralıq dənizi Turizm Bazarı” (IMTM 2019) sərgisində ölkəmizi Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun nümayəndə heyəti təmsil edib.

Artıq 25 ildir ki təşkil olunan sərgidə 86 kv.m.-lik sahədə ölkəmizin turizm imkanlarının tanıdılması ilə yanaşı, İsrail və region ölkələri ilə tərəfdaşlıq əlaqələri də müzakirə olunmuşdur.

Sərginin ilk günündə Ermənistan stendində işğal altında olan torpaqlarımızın turizm potensialı ilə bağlı təbliğat vasitələrinin paylanmasına etiraz olaraq təşkilatçılara müraciət olunub. Təşkilatçıların qəti tələbi ilə stenddən Dağlıq Qarabağı ayrıca subyekt kimi təqdim edən təxribat mahiyyətli materiallar yığışdırılıb və Ermənistana xəbərdarlıq edilib.

Məlumat üçün bildirək ki, son illər Azərbaycana maraq göstərən ölkələr arasında İsrail xüsusilə seçilir. Belə ki, 2017-ci illə müqayisədə 2018-ci ildə İsraildən Azərbaycana gələn səyahətçilərin sayında 161% artım (40 min səyahətçi) olub.

Azərbaycan turizminin xaricdə təbliğatında hotellərin fəaliyyəti müzakirə olunub

Fevral ayının 5-də Azərbaycan Hotel Assosiasiyasının təşəbbüsü ilə təşkilata üzv olan hotellər üçün qarşılıqlı fikir mübadiləsinə əsaslanan seminar-təlim keçirilib. Tədbir Azərbaycan Turizm Bürosu ilə birgə əməkdaşlıq çərçivəsində təşkil olunub.
Seminar-təlimdə hotel nümayəndələri ilə Azərbaycan Turizm Bürosunun müxtəlif şöbələrinin əməkdaşları arasında görüşlər keçirilib, hotellərin turizm sənayesindən gözləntiləri ilə bağlı fikirləri dinlənilib. İştirakçılara dünyanın 6 əsas hədəf bazarında həyata keçirilən və planlaşdırılan fəaliyyətlər, ölkəmizdə isgüzar turizmin inkişaf etdirilməsində hotellərin üzərinə düşən rolun vacibliyi barəsində məlumat verilib. 
Hotellərin nümayəndələri ilə yeni turizm məhsullarının yaradılması starategiyası haqqında fikir mübadiləsi aparılıb, beynəlxalq sərgilərdə hotellərin iştirak proseduru ilə bağlı suallar cavablandırılıb. 
Ümumilikdə, qonaqpərvərlik sənayesinin 50-yə yaxın nümayəndəsinin iştirak etdiyi tədbirdə Azərbaycanın turizm potensialının xaricdə tanıdılmasında bu sahənin əhəmiyyəti müzakirə olunub. 
İştirakçıların marağı nəzərə alınaraq, Azərbaycan Hotel Assosiasiyası tərəfindən mütəmadi olaraq üzv hotellər üçün bu kimi tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Məşhur aşpaz Hazer Amani Bakıda səfərdə olub

Türkiyənin məşhur baş aşpazlarından biri və "Master Chef" verilişinin münsiflər heyətinin sədri Hazer Amani yemək mexaniki Suna Kasımoğlunun dəvəti və Dövlət Turizm Agentliyi, eləcə də Azərbaycan Turizm Bürosunun dəstəyi ilə Azərbaycana səfər etmişdir. Səfərin məqsədi Azərbaycanın qastronomik imkanlarının təqdimatı və milli mətbəximizin etnoqrafiyası və tarixi ilə yaxından tanış olmaq idi. Hazer Amani Atəşgah, İçərişəhər, Dağüstü park, Şəhidlər xiyabanı və Bakı türk şəhidliyini ziyarət etməklə yanaşı,  yerli aşpazlarla birgə xəngəl, qutab, pip dolması, şah plov kimi milli mətbəximizin əsrarəngiz nümunələrini bişirmişdir. Səfər aşpazın sosial media şəbəkələrində, eləcə də Türkiyə televiziya kanallarında nümayiş olunacaq. Qonağa Lahıc misgərlik nümunələri və milli kulinariyamızla bağlı kitablar hədiyyə edildi.

Bakıda "B2B Luxury & MICE" adlı tədbir keçirilib
 
"B2B Luxury & MICE" bu il 11 fevral tarixində Bakıda keçirildi. Tədbirdə Azərbaycan, Gürcüstan və Qazaxıstanı təmsil edən onlarla şirkət iştirak etmiş və B2B görüşlər keçirilmişdir. Bundan əlavə qeyd etmək lazımdır ki, tədbirdə Azərbaycan Konqreslər Bürosunun direktoru Sevda Əliyeva Büro adından iştirakçıları salamlamış və qurumun gələcək fəaliyyət planları ilə tanış etmişdir. S. Əliyeva çıxışı zamanı Azərbaycanın işgüzar tədbirlər sənayesi üzrə malik olduğu potensial, ölkədə keçirilən tədbirlər və onların vacibliyi barədə iştirakçılara geniş məlumat vermişdir.
"B2B Luxury & MICE" - yüksək və VIP səviyyəli səyahət sahəsi üzrə ixtisaslaşmış tədbirdir. İlk dəfə 2010-cu ildə Qazaxıstanın Almatı şəhərində baş tutan tədbir hər ilin fevral ayında 5 gün ərzində 3 ölkə - Azərbaycan, Gürcüstan və Qazaxıstanda keçirilir. Tədbir iştirakçıları siyahısında 5 ulduzlu lüks dərəcəli mehmanxanalar, beynəlxalq turizm büroları, dəb brendləri, sağlamlıq və spa mərkəzləri, kruizlər və hava yolları xüsusi yer tutur.

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi


Landmark I

Nizami küç., 96E,
Bakı, Azərbaycan

AZ1010

+994 12 492 87 13
info@tourismboard.az







This email was sent to <<Email Address>>
why did I get this?    unsubscribe from this list    update subscription preferences
Azerbaijan Tourism Board · Government House · Baku AZ 1001 · Azerbaijan

Email Marketing Powered by Mailchimp