Copy
#12 - Fevral - 2019 - Newsletter                                                                                     View in a browser

Dövlət Turizm Agentliyinin
İnformasiya Bülleteni

2019-cu il əcnəbilərin sayında artımla bașladı

 
Azərbaycana gələn əcnəbilərin sayında 2018-ci ildə müşahidə olunan artım 2019-cu ilin yanvarında da davam edib. Əcnəbilər arasında ən çox artım 55,7 min nəfər və ya 22% artımla Gürcüstandan gələnlərdə müşahidə olunur. Əhəmiyyətli surətdə artım olan digər bazarlar Cənubi Asiya va Orta Asiyadır - bu regionlardan 12,5 min səyahətçi gəlib ki, bu da müvafiq olaraq 60,9% və 35,4% artım deməkdir. 

Azərbaycan və Meksikanın turizm sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub

Dövlət Turizm Agentliyinin Meksikada keçirilən beynəlxalq tədbirlər haqqında məlumatlandırılması, Azərbaycan turizm şirkətlərinin həmin tədbirlərə cəlb edilməsi məsələsi fevral ayının 14-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri Xuan Rodrigo Labardini Flores arasında görüş çərçivəsində razılaşdırılıb.

Görüşdə cənab səfir tərəfindən Meksikanın turizm potensialı və Meksikada geniş yayılmış tematik turizm üzrə mövcud təcrübə barəsində məlumat verilib. Ölkələrarası nəqliyyat əlaqələrinin turistlər üçün asanlaşdırılması məqsədilə cari ilin avqust ayından etibarən Türk Hava Yolları vasitəsilə həyata keçiriləcək İstanbul-Mexico-Kankun-İstanbul uçuşlarından istifadə edilməsi təklif olunub.

12 avqustda "Xəzər İqtisadi Forumu" keçiriləcək

 
12 avqust 2019-cu il tarixində Türkmənistanın Türkmənbaşı şəhərində yerləşən Avaza milli turistik zonasında "Xəzər İqtisadi Forumu" keçiriləcək. Forum çərçivəsində Xəzəryanı ölkələrin ticarət və iqtisadi əlaqələrinin inkişafı istiqamətində müzakirələrin keçirilməsi nəzərdə tutulub. Tədbirdə iştirak etmək üçün Türkmənistan Respublikasının Belarus Respublikasında Səfirliyinə müraciət edə bilərsiniz.

Əlaqə vasitələri:

Tel.: +375172325680
Email: embturkmminsk@gmail.com

Region hotelləri ilə əlaqə genişləndirilir

Azərbaycan Hotel Assosiasiyası ilə region hotelləri arasında əməkdaşlıq və davamlı əlaqələrin təməlini qoymaq və gələcəkdəki fəaliyyətlərində region hotellərində xidmət keyfiyyətini artırmaq üçün ilkin planlaşdırmalar aparılır.

Bu prosesin gedişatı Azərbaycan Hotel Assosiasiyasının nümayəndələrinin regionlara silsilə səfərləri çərçivəsində müzakirə olunub.

AHA-nın nümayəndələri 20 fevralda Quba regionu üzrə Qusar, Quba, Şabran, Xaçmaz, Nabran, Siyəzən və Xızı, 21 fevralda Qəbələ regionu üzrə Şamaxı, Qəbələ, Oğuz, Şəki, İsmayıllı, Qax, Zaqatala, Balakən, Göyçay, 23 fevralda Gəncə regionu üzrə Göygöl, Mingəçevir, Naftalan, Şəmkir, Gəncə, Tovuz, Gədəbəy, Goranboy, Yevlax, Bərdə, Qazax, Ağstafa, 24 fevral tarixində isə Lənkəran regionu üzrə Masallı, Lerik, Lənkəran, Astara, Yardımlı, Cəlilabad, Neftçala, Salyan, Hacıqabul, İmişli rayonlarına səfər edərək, hotellərin nümayəndələri ilə görüşlər keçiriblər.

Görüşlərdə Assosiasiyanın əsas məqsədi və fəaliyyət istiqamətləri haqqında məlumat verilib, hotel nümayəndələrinin fikirləri dinlənilib, qarşılaşdıqları çətinliklər barəsində müzakirələr aparılıb.

Səfərlər çərçivəsində bölgələrin turizm imicini formalaşdırmağı və destinasiya brendini yaratmağı hədəfləyən Quba və Şəki üzrə Destinasiya Menecmenti Təşkilatlarının da təqdimatı keçirilib.

Xatırladaq ki, Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun dəstəyi ilə fəaliyyət göstərən Azərbaycan Hotellər Assosiasiyası ölkədə qonaqpərvərlik sənayesini inkişaf etdirmək məqsədini daşıyır.

Azərbaycanın turizm imkanları Moskvada təqdim olunub

2019-cu ildə Azərbaycanın turizm imkanlarının Rusiyada təbliği işləri intensivləşdiriləcək və inanırıq ki, rusiyalı turistlər Azərbaycana hər dəfə gəldikdə yeni tərəfdən kəşf edəcəklər.

Bu barədə fevralın 22-də Rusiyanın Moskva şəhərində keçirilən “Azərbaycan: istirahət və işgüzar turizm üzrə B2B formatlı seminar”da Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid bildirib.

Tədbirdə Rusiya bazarı üçün Azərbaycanın yeni turizm brendi təqdim olunub və mətbuat konfransı keçirilib. Ölkəmizin yalnız istirahət turizmi bölgəsi kimi deyil, o cümlədən işgüzar turizm məkanı kimi də diqqət cəlb etməsi faktı qeyd olunub.

20-yədək yerli turizm şirkətinin iştirak etdiyi tədbirdə Rusiya turizm agentlikləri və şirkətləri ilə B2B formatlı görüşlər keçirilib, razılaşmalar əldə olunub. Məlumat üçün bildirək ki, 2018-ci ilin dekabrından etibarən Azərbaycan Turizm Bürosunun Moskva şəhərində rəsmi turizm nümayəndəliyi fəaliyyətdədir.

2018-ci il üzrə Rusiya ölkə turizminin səyahətçi sayına görə ən böyük payına malik olmaqla (31%) Azərbaycan turizm bazarına liderlik edir. Belə ki, 2018-ci ildə Azərbaycana gələn rusiyalı qonaqların sayı 878 min nəfər olmaqla 2017-ci ilə nisbətdə 3% artıb.

Azərbaycan və Böyük Britaniya arasında turizm əlaqələri inkişaf edir

Fevralın 20-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri xanım Karol Krofts, Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid də iştirak edib.

Görüş zamanı Azərbaycan ilə Böyük Britaniya arasında turizm sahəsində əməkdaşlığın önəmi qeyd olunub, iki ölkə arasında təcrübə mübadiləsi, turizm əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib. Həmçinin tarixi abidələrin turizmə qazandırılması, qorunması və konservasiyasının turizmin inkişafındakı rolu mövzusunda fikir mübadiləsi aparılıb.

Fuad Nağıyev Azərbaycanın yeni milli turizm brendinin beynəlxalq təqdimatının ilk dəfə 2018-ci ilin noyabrında Londonda keçirilən Dünya Səyahət Bazarı sərgisində (“World Travel Market-2018”) təqdim olunduğunu diqqətə çatdırıb. Qeyd edək ki, 2018-ci ildə Böyük Britaniyadan Azərbaycana gələn səyahətçilərin sayı 29399 nəfər olub.

Azərbaycan və Rumıniya arasında turizm əlaqələri müzakirə olunub

 

Azərbaycan və Rumıniya arasında turizm sahəsində təcrübə mübadiləsinin aparılmasının vacibliyi fevralın 13-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və Rumıniya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Dan İancu arasında görüş zamanı vurğulanıb.

Görüş çərçivəsində qarşılıqlı olaraq Rumıniyanın kənd turizmi və ekoturizm üzrə mövcud təcrübəsinin Azərbaycanda, həmçinin Azərbaycanın mədəni irs nümunələrinin turizm sahəsində istifadəsi üzrə təcrübəsinin Rumıniyada tətbiqi barəsində müzakirə aparılıb.

Hər iki ölkənin işgüzar və biznes turizmi sahəsindəki təcrübələrindən bəhs olunub, beynəlxalq layihələr çərçivəsində Azərbaycan və Rumıniyanın əməkdaşlıq imkanlarının mövcudluğu qeyd edilib.

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi


Landmark I

Nizami küç., 96E,
Bakı, Azərbaycan

AZ1010

+994 12 492 87 13
info@tourismboard.az







This email was sent to <<Email Address>>
why did I get this?    unsubscribe from this list    update subscription preferences
Azerbaijan Tourism Board · Government House · Baku AZ 1001 · Azerbaijan

Email Marketing Powered by Mailchimp